Saatı sol qola taxmaq adəti
Bu gün daha çox kişilər üçün önəmli aksessuar sayılan qol saatları tarixdə ilk dəfə qadınlar üçün istehsal edilib. Birinci Dünya müharibəsindən əvvəl kişilər cib saatlarından istifadə etdiyi üçün qol saatları qadınlar üçün hazırlanırdı.
Saatlar haqqında bilmədiyimiz başqa maraqlı faktlar da var:
Məşhur kosmonavt Yuri Qaqarinin naviqator saatı tarixdə "kosmosa gedən ilk saat" olaraq bilinir.
Əksər insanlar saatı sol biləyə taxır. Bunun səbəbi isə çox sadədir. Saatdan ilk istifadə vaxtlarında insanların əksəriyyəti cib saatı istifadə edirdilər. Bu saatların qurma düyməsi sağda "3" rəqəminin yanında idi. Tez-tez qurmaq lazım olan bu saatları cibdən çıxardıb sol əllə qurmaq çox çətin idi. İnsanlar bu saatları sol əlləri ilə çıxarıb baxmağa və sağ əlləri ilə qurmağa öyrəşmişdilər. Saatı sol qola taxmaq adəti o vaxtdan adət halını alıb. Hal-hazırda batareyalı, Günəş enerjili və ya hərəkətlə öz-özünə qurulan saatlar istifadə olunur və əllə qurulan saatlar tarixə qovuşsa da, insanlar saatlarını sol biləklərinə taxmağa davam edirlər.
Bəşəriyyətin inkişafının müxtəlif mərhələlərində hazırkı saatlardan əlavə, günəş, ulduz, su, od, qum, çarx, mexaniki, elektrik və atom saatları da istifadə olunub.
Saatlar saat əqrəbi istiqamətində - soldan sağa doğru hərəkət edir, çünki günəş saatlarında kölgə məhz bu istiqamətdə hərəkət edir. Günəş saatı ilk dəfə Avstraliyada kəşf olunsaydı, bu gün əqrəb və dəqiqə tərs istiqamətə dönə bilərdi. Çünki Avstraliya kimi ekvatorun cənubunda yerləşən digər ölkələrdə günəş doğarkən kölgə cənuba tərəf düşür və günəş yüksəldikcə sola doğru hərəkət edir.
Minillik (era), yüzillik (əsr), beşillik, il, rüb, ay, dekada, həftə, sutka, saat, dəqiqə, saniyə, millisaniyə, mikrosaniyə, nanosaniyə, pikosaniyə, femtosaniyə və s. kimi vaxt anlayışları mövcuddur.
Bir dəqiqədə 60 saniyə olsa da, bir saniyədə 1000 millisaniyə var.
Roma rəqəmləri olan siferblatda saat dörd həmişə IIII kimi göstərilir və praktiki olaraq heç vaxt IV simvolundan istifadə olunmur.
İnsan bədənində qan saat əqrəbinin əksi istiqamətində dövr edir.
Yer kürəsi öz oxu ətrafında saat əqrəbinin əksi istiqamətində dövr edir.